Dağlıq Qarabağ tarixi
== 1900–1918-ci illər ==
== 1918–1923-cü illər ==
Qafqazda erməni dövlətinin yaradılması beynəlxalq qarşıdurma münasibətləri müstəvisində gerçəkliyini tapan məsələ olmuşdur. Azərbaycan dövlətçiliyi, ərazi təhlükəsizliyi baxımından son dərəcə zərərli olan bir güzəşt erməni federasiyasının təşkili üçün İrəvanın onlara siyasi mərkəz olaraq verilməsi oldu. Azərbaycanın tarixi torpaqlarında dövlət əldə etmələrinə qane olmayan ermənilər qonşularına qarşı yeni-yeni iddialarla qanlı mübarizə aparmışlar. Qarabağın dağlıq hissəsində yaşayan ermənilər 1918-ci il iyulun 22-də onun "müstəqilliyini" elan etməyə cəhd göstərdilər.
İyulun 31-də Azərbaycan hökumətinin başçısı Fətəli xan Xoyski İstanbulda olan Azərbaycan nümayəndə heyətinin sədri Məhəmməd Əmin Rəsulzadəyə yazırdı ki, əgər ermənilər Qarabağa iddia ilə çıxış etsələr, o zaman İrəvan və Qazax qəzasının bir hissəsini onlara güzəştə getməkdən imtina etsin. Ermənilərlə razılaşmaya əsasən, Azərbaycanın digər ərazilərinə iddia etməyəcəkləri şərtilə İrəvanın onlara keçməsi nəinki rəsmiləşdi, bundan əlavə Zəngəzur və digər Azərbaycan torpaqlarını mənimsədiklərinə baxmayaraq, Qarabağla bağlı mütəmadi bəyanatlarla çıxış etmiş, zorakı təcavüzdə davam etmişdilər.
Ermənilərin Ənvər paşaya təqdim etdikləri xəritəyə görə onların iddia sərhədlərinə Sürməli, Naxçıvan, Ahalkələk, Ecmiədzin, İrəvan, Borçalı, Qazax, Qarabağ, Zəngəzur, Ordubad qəzaları daxil edilmişdi.
Xarici hərbi qüvvələrin Azərbaycanda həm də siyasi gücə malik olduqları mərhələlərdə ermənilər Qarabağla bağlı müvafiq mövqe nümayiş etdirmişlər. Osmanlı hərbçilərinin köməyi ilə Bakı Cümhuriyyət hakimiyyəti altına keçdikdən sonra Qarabağda erməni yaraqlılarının türk hakimiyyət nümayəndələrindən əfv diləyərək silahlarını təhvil verməsi müşahidə olunur. Qarabağın şəhər və kəndlərində erməni əhali Azərbaycan qoşunlarını duz-çörəklə qarşılayaraq, Azərbaycan təbəəliyini qəbul edir, silahı könüllü təhvil verir, Azərbaycan hökumət qurumlarının bütün sərəncamlarına tabe olmağa hazır olduqlarını bildirirdilər.